Avicii | |
---|---|
isv. Tim Bergling | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 8 sentyabr 1989[1][2][…] |
Vəfat tarixi | 20 aprel 2018[1][2][…] (28 yaşında) |
Musiqiçi məlumatları | |
Fəaliyyət illəri | 2006–2018 |
Albom şirkətləri | Universal Music Group, Geffen Records[d], Island Records, EMI[d] |
avicii.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Avicii (əsl adı: Tim Bergling; 8 sentyabr 1989[1][2][…], Stokholm – 20 aprel 2018[1][2][…], Maskat) — isveçli dicey, remiksçi və musiqi prodüseri. Tim 16 yaşında olanda elektron musiqi forumlarında öz hazırladığı remikslərini paylaşmağa başlamış və ilk rekord müqaviləsini bu sayədə almışdır. O, 2011-ci ildə buraxdığı “Levels” sinqlı nəticəsində məşhur olub. Onun 2013-cü ildə çıxan ilk albomu “True” müxtəlif janrlarla elektron musiqinin qarışığı idi. Bu albom tənqidçilər tərəfindən müsbət rəylər almışdı. Albomdan olan sinql “Wake Me Up” ABŞ və Birləşmiş Krallıq daxil olmaqla bir çox ölkələrin hit-paradlarında üst sıralarda qərarlaşmışdı.[3][4][5]
Timin ikinci studiya albomu “Stories” 2015-ci ildə işıq üzü görmüşdür. O, 2017-ci ildə dinləyicilərinə “Avīci (01)” adlı mini-albom təqdim etmişdir.[6] Timin məşhur sinqllarına daxil idi: “I Could Be the One” (Niki Romero ilə), “You Make Me”, “X You”, “Hey Brother”, “Addicted to You”, “The Days”, “The Nights”, “Waiting for Love”, “Without You” və “Lonely Together”. Timin 2012-ci ildə David Qetta ilə birlikdə ərsəyə gətirdiyi “Sunshine” mahnısı “Qremmi” mükafatına namizəd göstərilmişdi.[7] O, növbəti il 2013-cü ildə “Levels” sinqlına görə bu mükafata yenidən namizədlik əldə etdi. Bir sıra musiqi jurnalları Tim Berqlinqin 2010-cu illərin əvvəllərində elektron musiqinin radioda daha populyar olmasında əməyi olduğunu bildirib.[8][9]
Tim Berlinq 2016-cı ildə stress və ağırlaşmış psixi sağlamlıq səbəbindən konsert səfərlərinə çıxmağı dayandırmışdı. O, 20 aprel 2018-ci ildə, istirahət üçün getdiyi Omanın Maskat şəhərində öz həyatına son qoyub.[10] Avicii-nin üçüncü və sonuncu albomu olan “Tim” onun ölümündən sonra 2019-cu ildə yayımlanmışdır.