Avtotransformator — yüksək gərginlik dolağının bir hissəsindən alçaq gərginlik dolağı kimi istifadə olunan birdolaqlı elektrik transformatoru. Kiçik transformasiya əmsallı (g≤2) avtotransformator ikidolaqlı elektrik transformatorundan yüngül və ucuz olur. Dolaqlar arasında elektrik əlaqəsi olduğuna görə hər iki dolağın izolyasiyası yüksək gərginliyə hesablanır. Avtotransformator yüksək gərginlik şəbəkələrinin başqa gərginliyi şəbəkələrlə əlaqələndirmək, dəyişən cərəyanlı güclü elektrik mühərriklərinin işəsalma qurğularında elektrik gərginliyi çeviricisi kimi, rele mühafizəsi sxemlərində gərginliyi səlis tənzimləmək, həmçinin şəbəkədən məişət cihazlarına lazımi gərginliyi cərəyan vermək üçün işlədilir.[1]