Beton

Beton özülün tökülməsi

Beton (frans. béton) — təbii daşın tikintidə yaratdığı çətinlikləri aradan qaldırmaq üçün istifadə olunan süni daş material. Beton səmərəli şəkildə seçilmiş, əsaslı qarışdırılmış və sıxlaşdırılmış tərkibli hər hansı bir mineral yapışdırıcı, doldurucu, su və bəzən xüsusi əlavələrdən ibarət qarışığın bərkiməsi nəticəsində yaranır. Bərkiməsindən öncə bu komponentlərin qarışığı beton qarışığı adlanır. Bu qarışıq müxtəlif tərkiblərə bölünür. Su və yapışdırıcı beton tərkibində əsas və aktiv maddələrdir. Onların kimyəvi qarşılıqlı təsiri nəticəsində yapışqan xəmir konsistensiyalı (sement xəmiri, sement südü) yeni birləşmə yaranır. Həmin birləşmə xırda və iri doldurucunun dənələrini nazik layla bürüyür. Bir müddət keçdikdən sonra dənələri sıxlaşdıraraq bu birləşmə bərkiyir və beləliklə beton qarışığı möhkəm monolit daşa — betona çevrilir.

Doldurucular (qum, ələnti, qırmadaş, çınqıl və s.) betonun tərkibinin 80–85%-dək təşkil edir və sıxılmanın qarşısını alaraq betonun möhkəm skeletini yaradır. Müxtəlif xassəli dolduruculardan istifadə edərək, öz fiziki-mexaniki göstəricilərinə görə fərqlənən beton növləri (yüngül, ağır, odadavamlı və s.) almaq olar. Beləliklə, bərkiməsindən əvvəl beton səmərəli şəkildə seçilmiş və əsaslı qarışdırılmış mineral yapışdırıcı (sement), su, doldurucu, və, lazım olduqda, plastifikator və bərkimənin sürətləndiriciləri kimi xüsusi əlavələrdən ibarət beton qarışığıdır. Hər hansı digər maddə kimi, beton qarışığı istehsal olunan betonun keyfiyyət və xüsusiyyətlərini qabaqcadan müəyyən edən müxtəlif kimyəvi və fiziki-kimyəvi xassələrə malikdir.[1]

Vibropresləmə — yarım quru (bərk) beton qarışığın sıxlaşdırılması üsuludur: press-qəlibdə beton aşağıdan titrəməyə məruz qalaraq eyni zamanda üstdən sıxlaşdırılır. Olduqca məhsuldar olan bu üsul avtomatlaşmanın yüksək dərəcəsini nəzərdə tutur, həmçinin bərk beton qarışığından istifadə etmək imkanını yaradır, və bu da beton məhsulların yüksək möhkəmlik və şaxtaya davamlılığını təmin edir.

  1. "Ağır beton sinifləri". 2020-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-10.

Beton

Dodaje.pl - Ogłoszenia lokalne