Ellinizm, Hellinizm (yun. Ἑλληνισμός; lat. Hellēnismós) Aralıq dənizinin şərq sahili ölkələri tarixində mərhələ; Makedoniyalı İsgəndərin e.ə. 334-323 cü illərdə hərbi səfərlərindən tutmuş, həmin ölkələrin Roma imperiyası tərəfindən işğalına qədər olan dövrü əhatə edir. Bu zaman aralığında yunan və İran, yunan və Misir, yunan və hind mədəniyyətlərinin sintezi baş vermişdir. Ellinizm ifadəsi tarixşünaslığa alman tarixçisi İohan Qustav Droyzen tərəfindən gətirilmişdir. Tarixçilər ellinizm terminini müxtəlif şəkildə şərh edirlər; bir çoxları yunan və yerli xüsusən də şərq mədəniyyətlərinin qarşılıqlı təsirini ön plana çəkir, bəzən ellinizm anlayışının xronoloji sərhədlərinin orta əsrin başlanğıcına qədər gətirib çıxardırlar. Digərləri isə başlıca diqqəti sosial-siyasi strukturların qarşılıqlı təsiri məsələsinə yönəldir, yunan-makedoniyalıların aparıcı rolunu qeyd edirlər. Ellinizmin tarixini bir qayda olaraq ellinist dövlətlərin yaranması, İsgəndərin sərkərdələri diadoxların mübarizəsi, ellinizmin çiçəklənməsi, ellinist dövlətlərin tənəzzülü və Roma tabeliyinə keçməsi dövrlərinə bölürlər.