Fiber-optik[1] və ya optik lif[2][3] — şüşə və ya plastikin çəkilməsi (həmçinin ekstruziyası) üsuluyla əldə edilən, diametrcə insan tükündən bir qədər qalın əyilgən, şəffaf lif.[4] Optik liflər elektrik kabellərinə nəzərən daha böyük ötürmə sürətinə malik olur ki, bu da verilənləri geniş buraxılış zolağında çox uzaq məsafələrə ötürməyə imkan verir.
Burada liflər metal məftilləri əvəz edir, çünki onlar siqnalları daha az itki ilə ötürür; bundan başqa liflər elektromaqnit maneələrinə qarşı dözümlüdür, amma metal məftillər üçün vəziyyət tam əksinədir.[5] Həmçinin, liflər dəst şəklində bağlanılır və beləliklə fiberskopa oxşar olaraq burada da işıq və ya təsvir bir yerdən başqa yerə ötürülür.[6] Xüsusi olaraq hazırlanmış liflər müxtəlif tətbiqlər üçün istifadə olunur, bunlardan bəziləri lifli optik sensorlar və lifli lazerlərdir.[7]
Adətən, optik liflər sındırma əmsalı lif maddəsinin sındırma əmsalından kiçik olan örtük materialı ilə əhatə olunmuş nüvədən ibarət olur. İşıq lifin nüvəsi daxilində dalğaötürənlərin iş prinsipinə oxşar şəkildə yayılır.[8] Çoxlu yayılma yollarını və ya eninə modları dəstəkləyən liflər çoxmodlu (multimod) liflər, bir modu dəstəkləyənlər isə birmodlu (monomod) liflər adlanır.[9] Ümumiyyətlə, çoxmodlu liflərin nüvəsi daha böyükdür[10] və onlar rabitədə böyük gücləri qısa məsafələrə ötürmək üçün tətbiq olunur.[11] 1000 metrdən (3300 fut) uzun olan əksər kommunikasiya əlaqələri üçün təkmodlu liflərdən istifadə olunur.
Optik liflərin aşağı itkilərlə birləşdirilməsi optika rabitə üçün çox vacibdir.[12] Bu elektrik naqilini və ya kabelini birləşdirməkdən daha mürəkkəbdir və liflərin diqqətlə kəsilməsini, lif nüvələrinin dəqiq uyğunlaşdırılmasını və bu nüvələrin düzgün birləşdirilməsini əhatə edir. Daimi əlaqə tələb edən tətbiqlər üçün qaynaq birləşməsi adi haldır. Bu üsulda liflərin uclarını birlikdə əritmək üçün elektrik qövsündən istifadə olunur. Başqa bir yayğın üsul, liflərin uclarını mexaniki qüvvələr hesabına kontakt vəziyyətində saxlayan mexaniki birləşmədir. Müvəqqəti və ya yarımdaimi birləşmələr xüsusi konnektorlar vasitəsilə həyata keçirilir.[13]
Optik liflərin layihələndirilməsi və tətbiqi ilə məşğul olan tətbiqi elm və mühəndislik sahəsi lifli optika adlanır. Bu termin lifli optikanın atası kimi tanınan hind əsilli amerikan fiziki Narinder Sinq Kapani tərəfindən təklif edilmişdir.[14]