Mifologiya — dünya haqqında ibtidai icma cəmiyyəti insanına məxsus fantastik təsəvvür və mifləri öyrənən elm.
İbtidai icma dövründə insanın özünə yaxın və doğma olan icma-tayfa münasibətlərini onu əhatə edən bütün əşya və hadisələr haqqında idi. Torpaq, səma, bitki və heyvanlar aləmi universal tayfa icması şəklində təsəvvür olunur və bu icmada bütün əşyalar təkcə canlılar kimi yox, həm də şüurlu və mütləq bir biri ilə qohum olan məxluqlar kimi anlaşılırdı. Bu təsəvvürlər mifologiyada ümumiləşirdi. Buna görə də Allah-sənətkar, allah-maldar, allah-döyüşçü, allah-əkinçi və s. mifoloji obrazlar yaranırdı. Mifologiyanın ilkin formaları fetişizm, totemizm, inkişafının daha yüksək pilləsi isə animizm idi. Yunan dilində mythos, almanlarda mythe, ingilislərdə myth, fransızlarda mythe, ruslarda və azərbaycanlılarda mif şəklində işlənən sözün hərfi mənası rəvayət, əhvalat deməkdir. Mif termini beynəlxalq aləmdə əsasən iki anlamda işlənir: birinci, mif — sözlərlə yaranan təsviri mətndir, təhkiyə hadisəsidir (sintaqmatik aspektdir); ikinci, mif — düşüncə hadisəsidir (mənaların paradiqmasıdır), dünya haqqında təsəvvürlər sistemi — gerçəkliyi dolayı şəkildə əks etdirən dünya modeli, onun ayrı-ayrı elementləri və vahidləridir. Birinci halda mif sintaqmatik, ikincidə isə paradiqmatik planda anlaşılır. Mifin sintaqmatik vahid olaraq gerçəkləşməsi təsadüfən baş verir. Mif mənanın paradiqmasına çevriləndə (mətn mədəniyyətinin digər formaları – rituallar, sosial institutlar, maddi mədəniyyət abidələri və s. ilə bir sırada) birinci və ikinci anlamlar arasında cüzi fərqlər üzə çıxsa da, miflə mifologiyanın eyniliyi inkar edilmir. Ona görə ki, mifologiya sintaqmatik (təsviredici) vahidlərin — miflərin sistemi kimi başa düşülür. Mifologiya termini isə üç anlamda işlənir: birinci, mifologiya — hər hansı bir tarixi-mədəni ənənəyə xas miflərin (təsvirlərin) toplusudur; ikinci, mifologiya — dünyanı dərk etməyin xüsusi formasıdır, düşüncə şüur hadisəsidir (mənaların paradiqması). Bu hallarda mifologiyanın mənası mif anlamına yaxınlaşır, hətta onun praqmatik aspekti ilə eyni olur. Üçüncü, mifologiya — mifləri və mifoloji sistemləri öyrənən elm sahəsidir. Məşhur nəzəriyyəçi alim A. Bayburin də göstərir ki, mifin birinci və ikinci mənaları ilə mifologiyanın birinci və ikinci mənaları üst-üstə düşdüyündən bu terminlər həmin mənalarda sinonimlər kimi işlədilir.[1]