Poliomielit

Poliomielitsinir sistemini zədələyə, əzələlərin iflicinə gətirib çıxara və ölümlə nəticələnə bilən yoluxucu xəstəlikdir. Yoluxma fekal-oral (çirkli əllər, yoluxmuş qida, əşyalar, oyuncaqlar, çirkab sular və s.) və ya hava-damcı yolu ilə, əsasən ağız boşluğuna virusun düşməsi ilə baş verir. Poliomielitə, adətən, 15 yaşa qədər uşaqlar, nadir hallarda isə böyüklər də yoluxa bilərlər. Ən çox 5 yaşadək uşaqlar xəstələnirlər. Poliomielitin ilkin əlamətləri yoluxmadan sonra 3-35 gün ərzində müşahidə olunur.

Xəstəlik, adətən, soyuqdəymə simptomları və hərarətin yüksəlməsi ilə başlayır. Bir qədər sonra xəstədə möhkəm əzələ ağrıları və süst ifliclər inkişaf edir. Bu zaman ətraflardan birinin, yaxud hər ikisinin hərəkət aktivliyi itir və tənəffüs əzələlərinin iflici nəticəsində tənəffüs çətinləşir. Süni tənəffüsün verilməsi üçün xüsusi ləvazimatdan istifadə olunmadıqda, xəstəlik ölümlə nəticələnə bilər. Poliomielitin diaqnozu yalnız laborator müayinə nəticəsində qoyulur.

Poliomielit əleyhinə xüsusi müalicə yoxdur. Xəstənin müalicəsi yalnız xəstəliyin simptomlarının (hərarətin yüksəlməsi, iştahasızlıq, əzginlik, əzələ və baş ağrıları və s.) yüngülləşdirilməsindən ibarətdir. Poliomielit keçirmiş insanların çoxu ciddi iflic qalıqları ilə üzləşir. Adekvat fizioterapiya olmadıqda iflicə məruz qalmış əzələlərin funksional aktivliyi bərpa olunmur.

Əzələ aktivliyinin bərpası orqanizmin fərdi xüsusiyyət və imkanlarından da asılıdır.

Peyvənd zamanı poliomielitə qarşı vaksin məhlul şəklində pipetlə uşağın ağız boşluğuna damızdırılır. Azərbaycanda poliomielitə qarşı peyvənd uşağın 4-7 günlüyündə, sonra isə 2, 3, 4 və 18 aylığında edilir. Beləliklə hər bir uşaq 2 yaşınadək MÜTLƏQ həmin vaksinin 5 dozasını almalıdır. Peyvəndin yalnız tam kursunu alan uşaq poliomielitdən qorunmuş hesab olunur. Hindistan, Pakistan, Əfqanıstan və Nigeriyaya, həmçinin poliomielit virusunun yayıldığı istənilən digər ölkəyə səyahət etməzdən əvvəl poliomielitə qarşı peyvənd etdirmək tövsiyə olunur.[1]

  1. "Poliomielit .Uşaqlarınızı peyvənd edin! Sizin uşaqlarınız sağlam böyüməlidirlər!" (PDF). 2021-05-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-10-12.

Poliomielit

Dodaje.pl - Ogłoszenia lokalne