Ceff Bezos | |
---|---|
ing. Jeff Bezos | |
Doğum tarixi | 12 yanvar 1964[1][2][…] (61 yaş) |
Doğum yeri | |
Uşaqları | 4 |
Təhsili |
|
Fəaliyyəti | informatik, sahibkar |
Fəaliyyət illəri | 1986-cı ildən |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Cefferi Priston Bezos (ing. Jeffrey Preston "Jeff" Bezos; 12 yanvar 1964[1][2][…], Albukerke, Nyu-Meksiko[3][4]) — amerikalı sahibkar və investor. O, dünyanın ən böyük e-ticarət və bulud hesablama şirkəti olan Amazon-un qurucusu, icraçı sədri, keçmiş prezidenti və baş direktorudur. 2023-cü ilin noyabrına olan xalis sərvəti 162 milyard ABŞ dolları olan Bezos həm Bloomberg Milyarderlər İndeksi, həm də Forbes-ə görə dünyanın üçüncü ən varlı şəxsidir. 2017–2021-ci illərdə isə birinci olub.[5][6]
Albukerkedə doğulub, Hyuston və Mayamidə böyüyən Bezos 1986-cı ildə Prinston Universitetini elektrik mühəndisliyi və kompüter elmləri üzrə dərəcələrlə bitirib. 1986-cı ildən 1994-cü ilin əvvəlinə qədər Uoll-Stritdə müxtəlif sahələrdə çalışıb. Bezos Amazon-u 1994-cü ilin ortalarında Nyu-Yorkdan Seattle-a səyahət edərkən qurub. Şirkət onlayn kitab mağazası kimi fəaliyyətə başlayıb və o vaxtdan video və audio axını, bulud hesablamaları və süni intellekt daxil olmaqla, müxtəlif e-ticarət məhsulları və xidmətlərini genişləndirib. Şirkət bu gün dünyanın ən böyük onlayn satış şirkəti, gəlirlərinə görə ən böyük internet şirkəti və Amazon Web Services filialı vasitəsilə ən böyük virtual assistent və bulud infrastrukturu xidmətləri provayderidir.
Bezos 2000-ci ildə aerokosmik istehsalçı və suborbital kosmos uçuş xidmətləri şirkəti Blue Origin-i qurdu. Blue Origin-in New Shepard gəmisi 2015-ci ildə kosmosa uçdu və daha sonra uğurla Yerə eniş etdi. Bezos 2021-ci ildə Blue Origin NS-16 gəmisi ilə kosmosa uçmuşdur. O, həmçinin 2013-cü ildə Amerikanın ən böyük qəzeti "The Washington Post"u 250 milyon dollara satın alıb və vençur kapitalı şirkəti Bezos Expeditions vasitəsilə bir çox başqa investisiyaları idarə edir. 2021-ci ilin sentyabrında Bezos "Mail.ru"nun qurucusu Yuri Milnerlə birlikdə Altos Labs biotexnologiya şirkətini təsis edib.[7]
Forbes Milyarderlərin siyahısında ilk senti-milyarder və 1999-cu ildə Bill Geytsdən sonra bu uğuru geridə qoyan ikinci şəxs olan Bezos,[8] 2018-ci ilin iyulunda sərvəti 150 milyard dollara yüksəldikdən sonra "müasir tarixin ən zəngin adamı" seçilib.[9] 2020-ci ilin avqust ayında onun sərvəti 200 milyard dolları keçib.[10] 2020-ci ildə COVID-19 pandemiyası zamanı onun sərvəti təxminən 24 milyard dollar artıb.[11] 5 iyul 2021-ci ildə Bezos Amazon şirkətinin baş direktoru və prezidenti vəzifəsindən istefa verdi və icraçı sədr vəzifəsini üzərinə götürdü. AWS-in baş direktoru Endi Cessi Bezosun yerinə Amazon-un baş direktoru və prezidenti vəzifəsinə keçdi. Bezos 2022-ci ilin sentyabrında 151 milyard dollar sərvəti ilə Forbes 400 siyahısında ikinci yeri tutub.