Şimali Atlantika Müqaviləsi Təşkilatı NATO / OTAN | |
---|---|
ing. North Atlantic Treaty Organization fr. Organisation du traité de l'Atlantique nord | |
| |
| |
| |
Növü | hərbi ittifaq |
Yaranma tarixi | 4 aprel 1949 |
Rəsmi dili |
ingilis fransız |
Mərkəzi | Brüssel, Belçika |
Qurucusu |
|
Sədr | Mark Rutte |
Xərc | $1,036 trilyon |
Üzvləri |
|
NATO.int | |
Vikianbarda əlaqəli mediafayllar |
Şimali Atlantika Müqaviləsi Təşkilatı (ing. North Atlantic Treaty Organization, NATO, fr. Organisation du traité de l'Atlantique nord, OTAN) — sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqı. 4 aprel 1949-cu ildə qurulmuşdur və hazırda 32 üzvü var.[2][3] Təşkilatın üzvləri hər hansı xarici gücdən gələ biləcək hücuma qarşı ortaq müdafiə həyata keçirir. NATO-nun Baş Qərargahı üzv ölkələrdən biri olan Belçikanın paytaxtı Brüssel şəhərində, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı isə Belçikanın Mons şəhəri yaxınlığında yerləşir. Bütün NATO üzvlərinin ümumi hərbi xərcləri dünya üzrə bütün ölkələrin müdafiə xərclərinin 70%-dən çoxdur. Üzv ölkələrin müdafiə xərcləri ÜDM-nin ən azı 2%-ni təşkil etməlidir.
Koreya müharibəsi üzv ölkələri hərəkətə keçirənə və yüksək rütbəli iki amerikalı komandanın istiqamətləndirməsi ilə birləşmiş hərbi ittifaq qurulana qədər NATO sadə siyasi ortaqlıqdan başqa bir şey deyildi. Soyuq müharibə dövrü 1955-ci ildə əsası qoyulan Varşava Müqaviləsi Təşkilatına üzv ölkələrlə çəkişmələrin yaranmasına səbəb oldu. Avropa ölkələri ilə ABŞ arasındakı əlaqələrin gücü üzərində əmələ gələn şübhələr 1966-cı ildə Fransanın NATO-nun hərbi qanadından çəkilməsi ilə nəticələndi və NATO müdafiəsinin ehtimal olunan Sovet işğalına qarşı etibarlılığına mənfi təsir göstərdi. 1989-cu ildə Berlin divarı yıxılandan sonra təşkilat Yuqoslaviyanın dağılması dövrünə qarışdı və ilk hərbi müdaxilələrini 1992–1995-ci illərdə Bosniya və Herseqovinada, daha sonra isə 1999-cu ildə Yuqoslaviyada həyata keçirdi. Siyasi olaraq keçmiş Varşava Müqaviləsi Təşkilatına üzv ölkələrlə yaxşı münasibətlər qurmağa çalışdı və həmin ölkələrin bir qismi 1999-cu və 2004-cü ildə ittifaqa qoşuldu.
Şimali Atlantika Alyansının təşkilata üzv ölkələrin silahlı hücuma məruz qalan hər hansı üzv ölkəyə kömək etməsini tələb edən 5-ci maddəsi NATO tarixində ilk və hələ ki, son dəfə 2001-ci ildəki 11 sentyabr hücumlarından sonra tətbiq olundu.[4] Həyata keçirilən bu terror hücumlarının ardınca NATO rəhbərliyindəki qoşunlar Əfqanıstana yerləşdirildi. Təşkilat, həmçinin İraqa təlim heyətinin göndərilməsi, dəniz quldurlarına qarşı əməliyyatların dəstəklənməsi[5] və 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının 1973 saylı qətnaməsinə əsasən Liviya üzərində uçuşa qadağan olunmuş bölgənin tətbiq olunması kimi müxtəlif rolları icra etmişdir. NATO üzvlərini məsləhətləşmələr üçün yığıncağa çağıran daha az təsirli 4-cü maddə: 2003-cü ildə İraq müharibəsi ərzində Türkiyə tərəfindən, 2012-ci ildə Suriya vətəndaş müharibəsi ərzində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus silahsız F-4 döyüş təyyarəsinin düşürülməsi və Suriya ərazisindən Türkiyənin minaatanlardan atəşə tutulmasının ardınca,[6] Polşa tərəfindən 2014-cü ildə Rusiyanın Krıma müdaxiləsindən sonra[7] və 2015-ci ildə İŞİD terror qruplaşmasının Türkiyənin ərazi bütövlüyünə qarşı təhdidlərinə görə olmaqla ümumilikdə beş dəfə tətbiq olunmuşdur.[8]
Azərbaycanın xarici siyasətində də əsas vəzifələrdən biri Avroatlantik məkana inteqrasiyadır. Ölkə 1994-cü ildən NATO-nun "Sülh naminə tərəfdaşlıq", 2004-cü ildən isə "Fərdi tərəfdaşlıq" proqramlarına qoşulub, 1999-cu ildə NATO PA-ya müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilib.[9] Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri müxtəlif vaxtlarda Kosovo, İraq və Əfqanıstanda sülhməramlı qoşunların tərkibində iştirak edib.[10] 2018-ci ilin yanvar ayından Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi "Qətiyyətli Dəstək" missiyası üzrə Azərbaycan Ordusunun Sülhməramlı kontingentinin şəxsi heyətinin sayı 120 nəfərə çatdırılıb. Azərbaycan Ordusunun Sülhməramlı kontingenti Kabil Beynəlxalq Hava Limanının mühafizəsi tapşırığını icra edib və müvafiq qərargahlarda təmsil olunub.[11] Azərbaycan sülhməramlıları tam heyətdə 26 Avqust 2021-ci ildə bu ölkədən çıxarılıb.