Əsası Şotland kralı II. Ceymsin müraciətindən sonra, 1451-ci ildə Papa V. Nikolayın Qlazqoda bir universitet qurulması üçün verdiyi rəsmi razılıq ilə qoyulmuşdur.[4] Beləliklə, Qlazqo Universiteti Şotlandiya krallığında qurulmuş ikinci, Britaniya İmperiyasının isə hüdudları daxilində fəaliyyətə başlayan dördüncü ən qədim ali təhsil müəssisəsi olmuşdur.[5] Universitet tarixən Şotlandiya maarifçiliyinin intellektual potensialını təmin edən əsas institutlardan biri kimi ön plana çıxmışdır.[6] Hazırda, 9 institut[7] və 4 kollec[8] başda olmaqla, ümumən 3 kampusda[9] yerləşən 33 elmi vahiddə dünyanın 140 ölkəsindən bakalavr, magistr və doktorantura səviyyələrində təhsil alan 30.805 tələbəsi vardır.[2] Ümumi büdcəsi 1 milyard ABŞ dollarını aşan[10] Qlazqo Universiteti, Böyük Britaniya iqtisadiyyatına 4.4 milyard funt sterlinq həcmində töhfə verir.[11]
Qlazqo Universiteti Times Higher Education jurnalı tərəfindən müxtəlif göstəricilər üzrə 2020-ci ilin ən mütərəqqi ali təhsil ocağı seçilmiş,[12][13] 2022-ci ildə isə yaratdığı elmi təsirə görə dünyanın ilk 20 universiteti arasında göstərilmişdir.[14]The Times qəzetinin sıralamasına görə isə Şotlandiya üzrə 2022-ci ilin universiteti seçilmişdir.[15] Mütəmadi olaraq dünyanın ən nüfuzlu 100 universiteti arasında olan Qlazqo Universiteti, CWTS Leiden Ranking-in 2020-ci il sıralamasına görə qlobal miqyasda 53-cü yerdə,[16]QS World University Rankings-in eyni il üçün təqdim etdiyi dünya sıralamasında isə 60-cı yerdə qərarlaşmışdır.[17] Bundan əlavə, Böyük Britaniya üzrə milli ali təhsil müəssisələri reytinqində ilk onluqda yerləşir.[18][19]
Qlazqo Universiteti Böyük Britaniyadakı ən nüfuzlu və aparıcı tədqiqat universitetlərinin təmərküzləşdiyi Rassell qrupunun,[20] o cümlədən qabaqcıl universitetlərin beynəlxalq elmi-tədqiqat assosiasiyası olan Universitas 21-in qurucu üzvüdür.[21] Universitet nəzdnindəki tədqiqat prosesi "Tədqiqat Mükəmməlliyi Çərçivəsi"nin müəyyənləşdirdiyi xüsusi standartlara əsasən təşkil olunur[22] və aparılan tədqiqatların 81%-i "Dünya miqyaslı" kateqoriyasında səciyyələndirilir.[23][24] Qlazqo Universiteti tələbə qəbulu prosesində kifayət qədər tələbkar bir ali təhsil müəssisəsi kimi xarakterizə olunur və qəbul şərtlərinin çətinliyinə görə Birləşmiş Krallıqda 4-cü sırada yerləşir.[25]
↑Riché, Pierre. Education and Culture in the Barbarian West: From the Sixth through the Eighth Century. Columbia: University of South Carolina Press. 1978. 126–127, 282–298. ISBN978-0-87249-376-6.
↑"James Watt". universitystory.gla.ac.uk (ingilis). University of Glasgow. 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2021.
↑"William Elphinstone". universitystory.gla.ac.uk (ingilis). University of Glasgow. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2021.
↑"Andrew Watson". gla.ac.uk (ingilis). University of Glasgow. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2021.
↑"Notable People". worldchanging.glasgow.ac.uk (ingilis). University of Glasgow. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2021.