Kalimba — Afrikada (xüsusilə, Mərkəzi və Cənubi Afrika, bəzi Antil adalarında) ən geniş yayılmış və ən qədim musiqi alətidir. Onun geniş populyarlığı haqda kalimbanın müxtəlif tayfa və qəbilələrin dilində çoxsaylı adları xəbər verir, məsələn : tsantsa və ya sanza, mbira, mbila, ndimba, lukembu, lala, malimba, ndandi, ijari, mqanqa, likembe, selimba və s. Bu adlardan Qərbdə yalnız biri — tsantsa — kalimbanın digər rəsmi adı kimi tanınır. Kalimba ənənəvi mərasimlərdə və peşəkar musiqiçilər tərəfindən istifadə edilir. Onu "Afrikanın əl fortepianosu" adlandırırlar; bu alət olduqca virtuoz alətdir, daha çox melodik parçaların ifası üçün nəzərdə tutulsa da, onda həm də akkordlar ifa etmək mümkündür. Daha çox müşayiətçi alət kimi istifadə olunur. Böyük ölçülü kalimbalar Afrika musiqisinin ritmlərinə təkrarolunmaz bəm səsli küy verir, kiçik ölçülüləri isə tamamilə sehrli, kövrək səslənmə yaradır ki, bu da onu daraqlı musiqi mücrüsünə yaxınlaşdırır.