Psixoterapiya (qədim yunanca ψυχή – ruh + θεραπεία – müalicə deməkdir) – psixoloji üsullar və metodlar vasitəsilə həyata keçirilən müalicədir. Psixoterapiya prosesində pasiyent öz emosiyalarını tənzimləməyin yeni vərdişlərinə yiyələnir, stress vəziyyətlərinin nəticələrini aradan qaldırmağı öyrənir, xəstəlik dövründə pozulmuş münasibətləri bərpa etməyə çalışır. Bu müalicə metodu pasiyentin mütəmadi olaraq (bir qayda olaraq, hər həftə) psixoterapevtlə ünsiyyətdə olmasını nəzərdə tutur. Psixoterapiya bir elmi metod olaraq, psixoterapiya üzrə xüsusi təhsil və təlim hazırlıqları keçmiş, həkim Psixoterapevt tərəfindən aparıla bilər. Psixoterapiya aparan mütəxəsis diplomunda mütləq şəkildə Psixoterapevt ixtisası yazılmalıdır. Həkim psixoterapevt, ilk növbədə psixiatriya üzrə, sonra isə psixoterapiya üzrə təhsil almalıdır və hər iki sahə üzrə xüsusi diplomu olmalıdır. Çox sayda psixoterapiya texnikaları var, bəziləri kiçik fərqliliklər, bəziləri isə çox fərqli psixoloji, mədəni və texniki anlayışlara əsaslanır. Bunların əksəriyyəti, pasient ilə psixoterapevt arasında birəbir ünsiyyətə əsaslanan seansları əhatə edir, ancaq bəziləri ailələr də daxil olmaqla qruplarla həyata keçirilir. Psixoterapiya əsasən dərman müalicəsi tətbiq etmədən, subuta əsaslanan psixoloji üsullar tətbiq etməklə həyata keçirilir.