MiQ-29 | |
---|---|
| |
Tipi | çoxməqsədli qırıcı |
Hazırlayan | MiG |
İstehsalçı | SSRİ/Rusiya |
Dizayner | Mikoyan-Quryeviç Konstruktor Bürosu |
İlk uçuş | 6 oktyabr 1977 |
İstismara verilmə tarixi | 1983 |
İstimarının bitmə tarixi | davam edir |
İstismarçılar |
Rusiya HHQ, MDB ölkələri Hindistan HHQ, Əlcəzair HHQ |
Buraxılış sayı | 1,257+ |
Vahidinin qiyməti | 11 milyon ABŞ dolları |
Variantları | MiQ-29OVT, MiQ-35 |
Vikianbarda əlaqəli mediafayllar |
MiQ-29 (rus. МиГ-29) (NATO kod adı: Fulcrum – Dayaq nöqtəsi) — Sovet İttifaqında dizayn olunmuş iki mühərrikli, çoxməqsədli, dördüncü nəsil döyüş təyyarəsi. 1970-ci illərdə Mikoyan dizayn bürosu tərəfindən konstruksiya olunmuş bu qırıcı öz ölçülərinə görə daha böyük olan Su-27 ilə birlikdə ABŞ istehsalı F-15 və F-16 tipli döyüş təyyarələri ilə rəqabət aparmaq məqsədilə hazırlanıb. MiQ-29 ilk dəfə 1982-ci ildə Sovet Hərbi Hava Qüvvələrində silahlanmaya daxil edilmişdir.
Bu qırıcının istehsal olunmasında ilkin məqsəd düşmən qırıcıları ilə havada mübarizə aparmaq hesab olunsa da, sonradan ona əlavə edilmiş yüksək dəqiqlikli və uzun mənzilli hava-səth silahları sayəsində müxtəlif döyüş əməliyyatlarında istifadə edilə bilən çoxməqsədli qırıcıya çevrilmişdir. Çoxməqsədli MiQ-29M və hərbi dəniz qüvvələri üçün nəzərdə tutulmuş MiQ-29K da daxil olmaqla indiyə qədər bir neçə variantı istehsal olunmuşdur ki, bunlardan da ən müasiri MiG-35 hesab olunur. İlkin modellə müqayisədə növbəti variantlar təkmilləşdirilmiş mühərrik, HOTAS uçuşu idarəetmə sistemi ilə təchiz olunmuş şüşə kokpit, müasir radar və IRST sensorları, həmçinin artırılmış yanacaq tutumu və bəzi variantlar isə havada yanacaqdoldurma imkanlarına sahibdir.
Sovet İttifaqının dağılmasından sonra Rusiya Hərbi Hava Qüvvələri də daxil olmaqla bir çox keçmiş Sovet respublikaları bu təyyarələrdən hələ də istifadə edir. Rusiya HHQ hal-hazırda öz silahlanmasında olan mövcud flotiliyaları modernizasiya olunmuş MiQ-29SMT konfiqurasiyası ilə əvəz etmək istəsə də, maliyyə çətinliklərinə görə bu plan tamamlanmamışdır. MiQ-29 olduqca məşhur ixrac təyyarəsi də hesab edilir. Belə ki, bu qırıcı indiyə qədər 30-dan çox ölkənin silahlanmasında mövcud olmuşdur. Ən böyük ixrac müqaviləsi isə Hindistanla imzalanmışdır. MiQ-29 döyüş təyyarələrinin istehsalı Rusiyanın Birləşmiş Aviasiya Korporasiyasının törəmə müəssisəsi olan "Mikoyan" şirkəti tərəfindən davam etdirilir.